SOSİAL ŞƏBƏKƏLƏRDƏ AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİ İLƏ BAĞLI VİDEOMATERİALLAR YAYMAQ CİDDİ HÜQUQİ MƏSULİYYƏT YARADIR

Son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülmüşdür və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq.

Eyni zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur.