SOROSA QARŞI MÜBARİZƏ ABŞ-DƏ DÖVLƏT SİYASƏTİ SƏVİYYƏSİNƏ YÜKSƏLİR

ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında Corc Soros və onun oğlu haqqında səsləndirdiyi sərt fikirlər yenidən müzakirələ səbəb olub. Tramp Soros ailəsini “Amerikanı parçalamaq” cəhdində, etiraz aksiyalarını dəstəkləməkdə və ölkəni xaosa sürükləməkdə günahlandıraraq, onların Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qanununa uyğun şəkildə məsuliyyətə cəlb olunmasını tələb edib. Onun “psixopatlar qrupu”, “dəlilər” kimi sərt ifadələr işlətməsi onsuz da Trampın seçkiqabağı ritorikasının bir hissəsi idi. Bu, həm də Qərb siyasi arenasında Soros ailəsinə qarşı uzun illərdir formalaşan narazılığın davamıdır.

Corc Soros təkcə ABŞ-də deyil, dünyanın müxtəlif yerlərində siyasi və ictimai proseslərə təsir göstərən fiqur kimi tanınır. Onun təsis etdiyi “Açıq Cəmiyyət Fondu” uzun illərdir liberal-demokratik dəyərlər adı altında müxtəlif ölkələrdə maliyyə dəstəyi göstərir. Formal olaraq bu dəstək “sivil cəmiyyət quruculuğu” adı ilə təqdim olunur, lakin əslində bir çox hallarda yerli hakimiyyətləri zəiflətmək, daxili sabitliyi pozmaq və siyasi dəyişikliyə nail olmaq məqsədi daşıyır. Məhz bu səbəbdən Soros və onun şəbəkəsi Rusiya, Macarıstan, Türkiyə və bəzi postsovet ölkələrində “xalq etirazlarını stimullaşdırmaqda” və “xaricdən idarə olunan rəngli inqilabların memarı” olmaqda ittiham edilir. Trampın da diqqət çəkdiyi əsas məqam Sorosun ABŞ daxilində etirazlara maliyyə və təşkilati dəstək verməsi iddiasıdır. ABŞ-də son illərdə baş verən “Black Lives Matter” hərəkatından tutmuş polis zorakılığına qarşı aksiyalara qədər bir çox sosial dalğalanmalarda Soros fondu və ona yaxın qurumların adı hallanıb. Respublikaçıların mövqeyinə görə, bu etirazların məqsədi sadəcə sosial ədalət tələbi deyil, həm də Amerikanın ənənəvi siyasi nizamını sarsıtmaqdır. Onu da qeyd edək ki, Trampın Sorosun oğlunu da hədəfə alması təsadüfi deyil. Çünki Corc Soros yaşlandıqca onun siyasi irsini davam etdirəcək əsas fiqur kimi oğlu Aleks Soros gündəmə gəlir. Aleksin açıq şəkildə Demokrat Partiyasına və liberal düşərgəyə yaxınlığı, ABŞ siyasətində güclənən təsiri Trampın narazılığını daha da artırır.

Yuxarıda vurğuladığımız kimi, Sorosun fəaliyyətləri təkcə ABŞ ilə məhdudlaşmır. Onun şəbəkəsinin Azərbaycanda da müxtəlif dövrlərdə ictimai-siyasi proseslərə təsir göstərmək cəhdləri müşahidə olunub. Xüsusilə 2000-ci illərin əvvəllərində Soros fondu Azərbaycanın müxtəlif QHT-lərinə maliyyə yardımı ayıraraq daxili siyasi mübarizəyə dolayı yolla təsir göstərməyə çalışıb. Bu dəstəyin məqsədi ölkədə hakimiyyət dəyişikliyinə zəmin hazırlamaq idi. Eyni hal Macarıstanda da yaşanıb. Baş nazir Viktor Orban dəfələrlə Sorosu “milli təhlükəsizlik üçün təhdid” adlandıraraq, onun ölkədəki fəaliyyətini məhdudlaşdırıb. Orban açıq şəkildə bildirmişdi ki, Sorosun məqsədi Macarıstanda milli dövlətçilik modelini sarsıtmaq, miqrant axınını təşviq etməklə ölkənin demoqrafik və mədəni strukturunu dəyişdirməkdir. Buradan da görünür ki, əslində, Sorosun fəaliyyəti daha geniş mənzərədə Qərbin ideoloji-siyasi təsir alətləri ilə üst-üstə düşür. Onun fondu bir növ “yumşaq güc” strategiyası kimi çıxış edir. Onlar hansısa ölkədə “azad cəmiyyət”, “demokratiya” və “insan haqları” kimi dəyərlər təbliğ edilir, lakin bu proses yerli ənənələri, milli xüsusiyyətləri və dövlətin suveren maraqlarını nəzərə almadan həyata keçirilir. Nəticədə isə ölkələrdə daxili parçalanma, hakimiyyət böhranı və sosial qarışıqlıqlar yaranır. Ona görə də Donald Trampın Soros ailəsinə qarşı sərt çıxışı təkcə ABŞ siyasətinin daxili mübarizəsinin deyil, həm də qlobal miqyasda uzun müddətdir davam edən “Soros problemi”nin bariz göstəricisidir. Proseslər göstərir ki, Sorosun maliyyə və təşkilati dəstəyi heç də “demokratiya ixracı” ilə məhdudlaşmır, əksinə, siyasi sabitliyi dağıtmaq və hakimiyyət dəyişikliyi üçün istifadə olunur. Trampın çağırışı isə Sorosun təsir dairəsinə qarşı sərt reaksiyanın artıq yüksək dövlət səviyyəsinə qalxdığını göstərir.

MTM Analitik Qrup