SOCAR ARALIQ DƏNİZİNDƏ SEYSMİK İŞLƏRƏ BAŞLAYACAĞI TARİXİ AÇIQLAYIB

SOCAR, bp və “NewMed Energy” şirkətlərinin daxil olduğu konsorsiumun 2026-cı ilin sentyabr ayında İsrailin Aralıq dənizi şelfində yerləşən 1-ci zonada 3D seysmik tədqiqatlara başlayacağı gözlənilir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Sözügedən seysmik işlərlə bağlı qeyd edilib ki, mövcud plana əsasən, növbəti qərar mərhələsi 2026-cı ilin iyul ayına nəzərdə tutulur.

“Qərar təsdiqlənərsə, işlərə ən tez 2026-cı ilin sentyabr ayında başlamaq mümkün olacaq”, – məlumatda vurğulanıb.

Layihədə SOCAR-ın operator kimi əsas funksiyaları ilə bağlı isə bildirilib ki, operator qismində SOCAR birgə müəssisə (JV) adından layihənin texniki və kommersiya hissəsini idarə edir.

“Buraya minimum kəşfiyyat iş proqramının və büdcələrin icrası, müqavilələrin bağlanması, podratçıların texniki tələblərə uyğunluğuna nəzarət, tərəfdaşların təsdiq prosesinin idarə olunması, dövlət qurumları ilə əlaqələrin qurulması və digər məsələlər daxildir”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın bp şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin “Leviafan” qaz yatağının yaxınlığında yerləşən “I-6” Zonasında kəşfiyyat işləri aparmaq üçün lisenziya tenderini qazanıb. Konsorsium 2026-cı ilin oktyabrına qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini, həmçinin neft məsələləri üzrə komissar tərəfindən təsdiqlənməli olan əlavə iş proqramına aid plan təqdim etməlidir. Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üçillik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış sahədə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün məcburi iş proqramını yerinə yetirməlidirlər.