SMS-ICAZƏNİN LƏĞVİ BAKİDA SƏRNİŞİN SAYİNİ 12 FAİZ ARTİRİB

Ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Bakıda marşrutlarda sərnişin sayının artmasına səbəb olub.

Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki. sərnişin sayının artması Bakıda tətbiq edilmiş sms-icazənin ləğv edilməsi ilə bağlıdır: “Ümumiyyətlə, ölkədə istər sərt karantin rejiminin tətbiqi, istərsə də karantin şərtlərinin yumşaldılması zamanı əvvəlcədən hazırlanmış nəqliyyat planına uyğun olaraq addımlar atılır. Yanvarın 18-dən etibarən ölkədə sms-icazə sisteminin ləğv edilməsi ilə bağlı məlumat daxil olan kimi yenidən nəqliyyat üzrə işlər təşkil olundu, yanvarın 18-də sms – icazə ləğv edilən gün Bakıda sərnişin sayında 12 faiz artım oldu. Yanvarın 18-i ilə əvvəlki həftənin eyni gününü müqayisə edərkən, sərnişin sayında 200 min nəfər artım olub. Amma buna baxmayaraq, sərnişin daşınmasında hansısa ciddi narazılıq müşahidə olunmadı. Çünki əvvəlcədən plana uyğun olaraq həm marşrut xətlərindəki avtobusların, həm də ehtiyat avtobusların sayı artırılmışdı. Ona görə də həmin gün sərnişin sıxlığı ilə bağlı hansısa problem olmadı. Yanvarın 25-dən etibarən Bakıda əksər xidmət və ticarət obyektləri fəaliyyətini bərpa edəcək. Bunun üçün də növbəti həftə üçün yeni nəqliyyat planı hazırlanır. Plana uyğun olaraq xətdə və ehtiyatda olan avtobusların sayı müəyyən edilir, exspres avtobusların intervalı da buna uyğun olaraq hesablanacaq”.

M.Ağayev hava şəraiti və sərnişin sayının artması ilə əlaqədar şəxsi avtomobil sürücülərinə də müraciət edib: “Şəxsi avtomobil sürücülərindən xahiş edirik ki, yollarda vəziyyəti nəzərə alsınlar, avtobusların hərəkətinə şərait yaratsınlar, avtobus dayanacaqlarında avtomobillərini qanunsuz park etməsinlər. Bu cür hallar həm onlar üçün inzibati məsuliyyət yaradır, həm də avtobusların intervallarında gecikmələrə səbəb olur. Bakıda hazırda metronun fəaliyyət göstərmədiyi vaxtlarda avtobusların fəaliyyəti və vaxtında dayanacaqlara çatması vacibdir”.