Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Zorlu Töre azərbaycanlı deputatların Lefkoşaya gözlənilən səfəri barədə məlumat verib.
Türkiyənin “Ulusal Kanal” telekanalının “Gün Ortası” proqramında canlı yayımda çıxış edən Töre bildirib ki, Milli Məclisin Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Silahlı Qüvvələrinin Şimali Kiprdə sülhü qorumaq üçün əməliyyat keçirməsinin 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün adaya gələcəklər.
“Parlamentlərarası işçi qrupunun üzvləri əməliyyatın 50-ci ildönümündə Lefkoşada olacaqlar. Biz bu tarixi hadisəni birlikdə qeyd edəcəyik. Bu, bizi sevindirir. Ümid edirəm ki, digər türk dövlətləri də Azərbaycandan nümunə götürəcəklər”, -deyə Töre bildirib.
İyulun 20-də Şimali Kiprdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilən genişmiqyaslı tədbirlər keçiriləcək.
Digər tədbirlərlə yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələrinin 50 gəmisinin iştirakı ilə Kipr sahillərində dəniz paradı keçiriləcək.