SİYASİ İRADƏ, SİSTEMLİ İSLAHATLAR VƏ MƏSULİYYƏTLİ İDARƏETMƏ MODELİ

İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd kimi müəyyənləşdirən Azərbaycan hakimiyyəti hüququn aliliyinə, ictimai həyatın ən müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə yönəlmiş siyasət yürüdür. Bu mənada, korrupsiyaya və digər neqativ hallara qarşı mübarizə də ölkədə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Hər bir cəmiyyət üçün ciddi sosial bəla olan bu neqativ hallar sosial-iqtisadi inkişafı ləngidən, ədalətli idarəetməyə və vətəndaş etimadına zərbə vuran amil kimi qiymətləndirilir. Məhz bu baxımdan Prezident İlham Əliyev fəaliyyətinin ilk dövrlərindən bu ümumbəşəri sosial bəlaya qarşı qətiyyətli mövqe ortaya qoyub. 13 yanvar 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun imzalanması ilə qeyd edilən neqativ hallara qarşı mübarizənin hüquqi bazası formalaşdırılıb. Həmin qanunda korrupsiya ilə mübarizə üzrə dövlətin strateji kursunun əsasları müəyyən edilib, korrupsiya cinayətlərinin mahiyyəti və onlarla mübarizənin hüquqi mexanizmləri təsbit olunub. Qanunda açıq şəkildə göstərilir ki, korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan və ya vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuz maddi və digər nemətlər əldə etməsi, yaxud bu nemətlərin və imtiyazların vəzifəli şəxslərə təklif və ya verilməsi yolu ilə onların ələ alınmasıdır. Bu dəqiq hüquqi təsbit neqativ hallara qarşı mübarizənin məqsəd və çərçivəsini aydın şəkildə müəyyənləşdirib.

Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fevralın 16-da keçirilmiş son iclasında 2025-ci il ərzində görülmüş işlər və qarşıdakı vəzifələr müzakirə olunub. İclasda korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri, qanunvericiliyə edilmiş dəyişikliklərin mahiyyəti və onların ictimai münasibətlərə təsiri barədə məlumat verilib. Qeyd olunub ki, keçən il korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilib. Bu mexanizm dövlət orqanlarında risk sahələrinin əvvəlcədən müəyyənləşdirilməsinə və onların aradan qaldırılmasına imkan yaradır. Korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müddəaların qanunvericiliyə əlavə edilməsi isə vətəndaşların fəallığını artırır və onları hüquqi baxımdan qoruyur.

Vətəndaşların dövlət qurumlarına müraciət imkanlarını asanlaşdırmaq, ərizə və şikayətlərinə daha operativ və çevik mexanizmlər əsasında baxılmasını təmin etmək məqsədilə tətbiq olunan elektron xidmətlər getdikcə genişlənir. Korrupsiyaya qarşı mübarizəni səmərəli edən əsas amillərdən biri də rəqəmsal idarəetmənin təmini istiqamətində atılan addımlardır. Dövlət xidmətlərinin elektron platformalar üzərindən təqdimatı insan faktorunu minimuma endirir, məmur-vətəndaş təmasını azaldır və şəffaflığı artırır. Yeni rəqəmsal platformaların istifadəyə verilməsi, məlumat bazalarının inteqrasiyası və xidmət mexanizmlərinin sadələşdirilməsi korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Elektron hökumət mexanizmləri müraciətlərin izlənməsini və qərarların əsaslandırılmasını təmin etməklə hesabatlılığı gücləndirir.

Vətəndaş məmnunluğunu artırmaq məqsədilə yaradılan ASAN xidmət, DOST və digər mərkəzlər də bu baxımdan mühüm rol oynayır. Bu xidmət platformalarının yaradılması son onilliklərdə dövlət xidmətlərinin vahid məkanda, şəffaf və operativ şəkildə təqdimatına imkan yaradıb. Bu mərkəzlərdə tətbiq olunan açıq mexanizmlər, növbə sistemləri və elektron nəzarət alətləri korrupsiyaya şərait yaradan halların qarşısını alır. Xidmət prosesinin standartlaşdırılması və şəffaf qaydalar əsasında qurulması vətəndaş məmnunluğunu yüksəldir və dövlət qurumlarına etimadı artırır.

Onu da qeyd etmək lazımdır ki, 2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra həyata keçirilən kadr və struktur islahatları korrupsiyaya qarşı mübarizəyə yeni dinamika verib. Yerli və mərkəzi icra hakimiyyəti orqanlarında aparılan dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsinə və şəffaflaşdırılmasına yönəlib. Dövlət başçısının yeni təyin olunan rəhbər şəxslər qarşısında əsas tələbi vətəndaşlara layiqli xidmətin göstərilməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl olunmasıdır. Bu yanaşma idarəetmədə məsuliyyət hissini gücləndirir və neqativ hallara qarşı dözümsüzlük mühiti formalaşdırır.

Şəffaflıq meyarlarına uyğunlaşmaq istəməyən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər barəsində görülən tədbirlər qanunun aliliyinin təminatına xidmət edir. Hüquq-mühafizə orqanlarının son illərdə həyata keçirdiyi əməliyyat tədbirləri göstərir ki, korrupsiyaya qarşı mübarizə selektiv deyil, bütün səviyyələrdə prinsipial və qətiyyətli şəkildə aparılır. Bununla cəmiyyətə aydın mesaj verilir ki, heç kim qanundan üstün deyil və neqativ hallardan çəkinməyənlər məsuliyyətə cəlb ediləcəklər.

Korrupsiyaya qarşı mübarizə tədbirləri yalnız cəza mexanizmləri ilə məhdudlaşmır. Məqsəd korrupsiyaya zəmin yaradan amillərin aradan qaldırılması, idarəetmədə şəffaf prosedurların tətbiqi və ictimai nəzarətin gücləndirilməsidir. Sosial-iqtisadi inkişafın yeni mərhələsində ictimai nəzarət, obyektiv media və vətəndaş cəmiyyəti institutlarının fəallığı xüsusi əhəmiyyət kəsb edir. Açıq məlumatlandırma və hesabatlılıq mühiti korrupsiyanın qarşısının alınmasında əsas şərtlərdən biridir.

Qeyd edilənlər göstərir ki, ölkədə neqativ hallara qarşı mübarizə güclü hüquqi baza, rəqəmsal keçid, kadr islahatları və ictimai iştirakçılıq prinsipləri əsasında həyata keçirilir. Davamlı siyasi iradə və kompleks yanaşma nəticəsində dövlət idarəçiliyində şəffaflıq artırılır, vətəndaş məmnunluğu yüksəlir və dayanıqlı inkişafın təmini istiqamətində mühüm nəticələr əldə edilir.

MTM Analitik Qrup