SİNXUA AGENTLİYİ: AZƏRBAYCAN ÇİNLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR

Çinin rəsmi xəbər agentliyi Sinxua Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Çin münasibətləri ilə bağlı açıqlaması əsasında xəbər hazırlayıb.

Sinxua agentliyi xəbər verir ki, “Azərbaycan rəsmisi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir” sərlövhəli materialda iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığı, əməkdaşlığının davamlı şəkildə inkişaf etdirildiyi bildirilib.

Prezidentin köməkçisi Hikmət Hacıyev Çinin əsl dost olduğunu, onun inkişafının, xüsusilə də texnoloji inkişafının təkcə özünə deyil, dünyaya, o cümlədən Qlobal Cənuba böyük töhfələr verdiyini vurğulayıb. Əlavə edib ki, böyük tarixi olan Çin mədəniyyətini öyrənməyə dəyər.

Hikmət Hacıyev bu ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız səfər siyasətinin tətbiqinə başladığını rəsmən bəyan etdiyini bildirib, daha çox Çin vətəndaşının ölkəmizə səyahət etməsinin arzu olunduğunu deyib.