“Şindlerin siyahısı” filmindəki üç yaşlı balaca aktrisa cəza düşərgəsinə deportasiya edilməsi nəzərdə tutulan yəhudilər arasında qısa müddətdə kadrda görünmüşdü.
Xarici media qurumları xəbər verir ki, hazırda həmin aktrisa Polşada ukraynalı qaçqınlara kömək edir.
Ağ-qara formatda çəkilmiş “Şindlerin siyahısı” filmində yeganə parlaq ləkə – qıvrım saçlı balaca qızcığazın əynindəki qırmızı paltodur. Oskar Şindler həmin qızcığazı görəndən sonra yəhudiləri xilas etməyi qərara almışdı.
Filmdə həmin qızcığaz rolunu oynayan Oliviya Dabrovska artıq yaşa dolub. Hazırda o, Krakovda yaşayır və sərhəddə ukraynalı qaçqınlara kömək edir. Dabrovska bu barədə öz instaqram səhifəsində yazıb.
Əynində volonter gödəkcəsi olduğu vəziyyətdə fotoşəklini paylaşan Oliviya yazır ki, könüllülər heç bir təmənna gözləmədən, sadəcə, öz işlərini görürlər. Könüllülər qrupunun əlaqələndiricisi funksiyalarını yerinə yetirən Oliviya artıq onlarca ailə üçün yaşayış yeri tapıb və qaçqınların Polşa şəhərlərinə çatdırılmasını təmin edib.
Oliviya Dabrovska yazır: “Onlar daxilən qışqırır, haray çəkir və mən bu harayı unuda bilmirəm. Əgər mən həmin qırmızı paltolu qızcığaz kimi bu işi görməliyəmsə, deməli belə də olacaq”.