
Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən tələb edəcəyi şərtləri açıqlayıb.
TurkicWorld xəbər verir ki, o, seçiləcək namizəddən beş şərt tələb edəcək.
Sinan Oğanın tələb edəcəyi şərtlər bunlardır:
– Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi;
– 66-cı maddədə göstərilən türklüyün konstitusiyadan çıxarılması cəhdinin qarşısının alınması;
– Türkiyədə olan 13 milyon qaçqının öz ölkəsinə göndərilməsi;
– Ölkəni iqtisadi böhranın əsas səbəblərindən, faizdən, inflyasiyadan xilas etmək;
– Terror təşkilatları ilə onların siyasi strukturları arasına məsafə qoymaq.
Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.