Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.
ŞKTC Prezidentinin saytında yer alan açıqlamada Ersin Tatar bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycandakı tədbirlərdə dalğalancağını açıqlamasından məmnuniyyət duydum. Aralıq dənizinin şərqində bir türk dövləti olan ŞKTC varlığını bir millət, üç dövlət anlayışı ilə davam etdirir. Azərbaycan ilə aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissələri olaraq münasibətlərimizin davamlı inkişafı ən böyük arzumdur”.
Ersin Tatar açıqlamasında Prezident İlham Əliyevə bir daha təşəkkürünü ifadə edib, qardaşlıq və əməkdaşlığın sonsuza qədər davam etməsini diləyib.