ŞİMALİ KİPRİN MÜSTƏQİLLİYİNİN TANINMASI YENİ DÜNYA NİZAMININ BİR HİSSƏSİDİR

Hələ ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini rəsmən tanımayıb. Lakin Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda səsləndirdiyi bəyanat regional və qlobal güc balanslarında Azərbaycanın yerini və mövqeyini daha aydın şəkildə ifadə etdi. Xüsusilə Şimali Kipr Türk Respublikası ilə bağlı ifadə edilən fikirlər yalnız diplomatik jest deyil, həm də yeni dünya düzənində Azərbaycanın roluna dair strateji ipucları verdi. Dövlət başçısı Şimali Kipr Türk Respublikasında yaşayan türkləri “qardaş” adlandırdı, bu isə rəsmi Bakı tərəfindən indiyə qədər açıq şəkildə ifadə edilən mesajlardan biri idi.

Kipr adasındakı mövcud vəziyyəti anlamaq üçün keçmişə – XX əsrin ortalarına qısa nəzər salmaq zəruridir. 1960-cı ildə Kipr Respublikası müstəqil olanda adadakı yunan və türk icmaları arasında balanslı bir siyasi quruluş nəzərdə tutulmuşdu. Lakin bu tarazlıq çox keçmədən pozuldu. 1963-cü ildə başlayan qarşıdurmalar, yunanların ENOSİS (Yunanıstana birləşmə) ideyasını reallaşdırmaq planları adadakı türklərin kütləvi qətli və deportasiyası ilə müşayiət olunmağa başladı. Qırğınlara rəhbərlik edən baş yepiskor Makarios deyirdi ki, əgər Türkiyə adaya müdaxilə edərsə xilas etməyə bir türk tapa bilməyəcək.

1974-cü ildə Yunanıstandakı xuntanın dəstəklədiyi dövlət çevrilişi və Nikos Sampsonun hakimiyyətə gətirilməsi Ankaranın reaksiyasına səbəb oldu. İyulun 19-da səhər tezdən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından Nazirlər Kabinetinə daxil olan qərarda türk silahlı qüvvələrinin Kipr türklərinin təhlükəsizliyini qorumaq məqsədilə sabah, yəni iyulun 20-də adaya girəcəyi yazılmışdı. İyulun 20-də saat 4-də Türk Silahlı Qüvvələri ümumi həyacan siqnalı verdi. Adana, Konya və Antalya hərbi bazalarından qalxan qırıcılar Lefkoşaya doğru istiqamət götürdülər. Səhər saat 5.25-də “Ayişə tətilə çıxsın” kod adı ilə türk ordusu adaya girdi. Məhz bu hadisədən sonra Lefkoşa iki hissəyə bölündü və BMT sülhməramlılarının yerləşdirildiyi bufer zonaya “Yaşıl xətt” adı verildi. 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan olundu. 1985-ci ilin mayında ümumхalq səsverməsi ilə yeni dövlətin Konstitusiyası qəbul edildi. İyunun 9-da isə Rauf Denktaş Şimali Kipr Türk Respublikasının ilk prezidenti seçildi. 80-ci illərinin ikinci yarısında Kipr məsələsi ilə bağlı beynəlxalq müzakirələr davam etdirildi və 2002-ci ilin noyabrında BMT Təhlükəsizlik Şurasının Kipr probleminin nizamlanmasına dair yeni təkliflərinin meydana çıxmasını şərtləndirdi. Bu, tarixə “Annan planı” adı ilə daxil oldu. Bu plan Kiprin birləşməsini və İsveçrə Konfederasiyası nümunəsində dövlətin qurulmasını nəzərdə tuturdu. İki illik müzakirələrdən sonra ümumxalq referendumunun keçirilməsinə qərar verildi, amma nəticə heyrət doğururdu. Annan planına türk icmasının 64,91 faizi “hə” desə də, yunan icmasından 75,38 faizlə “yox” cavabı çıxdı. Buna baxmayaraq, yunan tərəfi dünya birliyi tərəfindən qınanmadı, əksinə, beynəlxalq aləmin Kipr Respublikası kimi tanıdığı yunan Kipri Avropa İttifaqına tamhüquqlu üzv qəbul edildi.

Bu hadisəni “ikili standart” adlandıran Prezident İlham Əliyev forumdakı çıxışında indi siyasətçilərin çoxunun bu haqda danışmaq istəmədiyini təəssüflə vurğuladı, onların başağrısı olmamasına üstünlük verdiklərini bildirdi. Azərbaycanın mövqeyinə gəlincə isə dövlət başçısı qətiyyətlə dedi ki, “Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq”. Bu da onu göstərir ki, türklərin Kiprdəki mücadiləsi sıradan siyasi hadisə deyil. Bu, varoluş, kimlik və hüquq uğrunda mübarizədir və Azərbaycan da məhz bu amillərdən çıxış edərək adadakı qardaşlarını dəstəkləyir. Digər tərəfdən Prezident İlham Əliyevin bu bəyanatı yaxın gələcəkdə Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınacağı işarəsini də verir. Bu, bir neçə aspektdən əhəmiyyətlidir. Birincisi, Türkiyə ilə strateji ittifaq daha da dərinləşəcək. Azərbaycanın son illərdə Türkiyə ilə qurduğu hərtərəfli müttəfiqlik münasibətləri yeni mərhələyə keçəcək, Şimali Kipr Türk Respublikasının tanınması Ankara-Bakı ittifaqını daha da gücləndirəcək. İkincisi, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesi sürətlənəcək. 2022-ci ildən Şimali Kipr Türk Respublikası bu təşkilatda müşahidəçi statusu alıb. Azərbaycanın tanıması bu təşkilatın siyasi gücünü artıracaq, eyni zamanda “Türk Dünyası 2040 Vizyonu”na uyğun addım olacaq. Tarixin və coğrafiyanın bizə verdiyi dərslər göstərir ki, dost və qardaş bildiklərini yalnız çətin zamanlarda deyil, həm də beynəlxalq arenada tək qaldıqları vaxtda müdafiə etmək lazımdır və bu, həqiqi mənəvi-siyasi liderliyin göstəricisidir. Azərbaycanın Şimali Kipr məsələsində atacağı mümkün addımlar da məhz bu liderlik iradəsinin ifadəsi olacaq.

MTM Analitik Qrup