
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkiləri bölgənin siyasi tarazlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Seçkilərdə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qalib gəlib. Onun qələbəsi Şimali Kipr Türk Cümhuriyyətinin gələcək istiqaməti, Türkiyə ilə münasibətlərin xarakteri və adada federasiya məsələsinin yenidən gündəmə gəlməsi baxımından ciddi müzakirələr doğurub. Tufan Erhürman sosial-demokrat yönümlü, federasiyaya əsaslanan həll modelini müdafiə edən siyasətçidir. O, uzun illərdir Kipr türklərinin beynəlxalq təcrid vəziyyətindən çıxış yolunu BMT çərçivəsində iki icmalı federasiya modeli kimi görür. Onun seçki platforması da bu ideya üzərində qurulmuşdu. O, deyir ki, “Biz Kipr türklərinin səsini dünyaya duyuracaq, təcridi diplomatiya ilə qıracağıq”. Erhürmanın qalib gəlməsi həm Şimali Kipr Türk Cümhuriyyəti daxilindəki siyasi dinamikalarda, həm də Türkiyə-Kipr münasibətlərində balansın dəyişəcəyinə işarə edir. Çünki o, Rauf Denktaş və Ersin Tatar kimi “iki dövlətli həll” tərəfdarı liderlərin əksinə Ankara ilə münasibətlərdə daha müstəqil xətt yürütmək niyyətindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən dərhal sonra Tufan Erhürmanı təbrik edərək bəyan edib ki, “Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”. Bu açıqlama bir tərəfdən Erhürmana diplomatik legitimlik qazandırmaq məqsədi daşıyır, digər tərəfdən Ankara-Lefkoşa əlaqələrinin davamlılığını vurğulayır. Lakin bəyanatın tonunda Ankaranın Kipr türklərinin iradəsinə hörmətlə yanaşdığı, amma eyni zamanda “suverenlik və maraqlar” məsələsində öz qırmızı xətlərini qoruduğu hiss olunur. MHP sədri Dövlət Baxçalı isə seçkinin nəticələrinə kəskin münasibət bildirib və açıq şəkildə onların qəbul edilməməsini tələb edib. O, deyib ki, “Şimali Kipr Türk Cümhuriyyətində keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Parlament dərhal toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya qayıtmanın qəbuledilməz olduğunu bəyan etməlidir”. Baxçalı hətta Şimali Kiprin Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olması fikrini gündəmə gətirib. Bu, Türkiyədəki siyasi spektrdə dərin ideoloji fərqlərin mövcud olduğunu göstərir. Belə ki, AKP rəhbərliyi diplomatik status-kvonu qorumağa çalışdığı halda, MHP “bir dövlət, bir bayraq” ideyasını açıq şəkildə müdafiə edir.
Şimali Kipr Türk Cümhuriyyətində seçici fəallığının aşağı olması Erhürmanın qələbəsini legitimlik baxımından mübahisəli vəziyyətə salır. Cəmiyyətin bir hissəsi Türkiyəyə daha sıx inteqrasiya, digər hissəsi isə beynəlxalq legitimlik və federasiya modelini istəyir. Bu ikili münasibət Şimali Kipr Türk Cümhuriyyəti siyasətində “Ankaraya yaxın olanlar” və “Brüsseldə tanınmaq istəyənlər” arasında uzun illərdir davam edən gərginliyi yenidən alovlandırıb. Ona görə də bu seçkilər sadəcə daxili siyasi hadisə deyil, eyni zamanda Şərqi Aralıq dənizində enerji və təhlükəsizlik balansını da təsir altına alır. Yunanıstan və Cənubi Kipr Erhürmanın qələbəsini ehtiyatla, amma müsbət tonla qarşılayıblar. Onlar bu nəticəni dialoqa qayıdışın mümkün siqnalı kimi qiymətləndirirlər. Türkiyə üçünsə əsas məsələ Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması prosesini dayandırmamaq və adada türk icmasının hüquqlarını qorumaqdır. Bu vəziyyət gələcəkdə Kipr məsələsinin Türkiyə daxilində yeni ideoloji mübarizə meydanına çevriləcəyi ehtimalını artırır. Erhürman Ankara ilə ziddiyyətə getmədən, daha balanslı diplomatiya qura bilsə Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq səhnədə yeni imic formalaşdırar. Əks halda, adadakı parçalanma həm daxili, həm də geosiyasi baxımdan yeni gərginlik dalğası yarada bilər.
MTM Analitik Qrup