
Avstraliyanın Sidney şəhərində yerləşən “Bondi” çimərliyində baş verən və 15 nəfərin həlak olması ilə nəticələnən silahlı hücumu törədən şəxslərin kimliyi açıqlanıb.
BBC xəbər verir ki, hücumçular 50 yaşlı Sacid Akram və onun 24 yaşlı oğlu Navid Akramdır.
Polis daha əvvəl hücum edənlərin ata və oğul olduğunu təsdiqləmişdi. Ata Sacid Akram polis tərəfindən güllələnərək hadisə yerində öldürülüb, oğul Navid Akram isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti kritik olaraq qalır.
Məlumatlara əsasən, ata və oğul İŞİD terror qruplaşmasına bağlı olublar. Hücumçuların avtomobilində sözügedən terror təşkilatının bayraqlarının tapıldığı bildirilir.
Hücum yəhudi icmasının Hanuka bayramı münasibətilə keçirdiyi tədbiri hədəf alıb. Həlak olanlar arasında 10 yaşlı qız, təqaüddə olan polis əməkdaşı və Holokostdan sağ çıxmış bir nəfər də var. Hadisə zamanı təsadüfən orada olan Ahmed əl Ahmedin valideynləri isə oğullarının hücum edən şəxslərdən birinin silahını almağa çalışarkən çiynindən 4–5 dəfə güllələndiyini bildiriblər. Onun cəsarətli müdaxiləsi daha böyük faciənin qarşısını alıb.
Avstraliyanın Baş naziri Entoni Albaniz baş verən hücumdan sonra ölkədə silahla bağlı qanunların daha da sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edəcəyini bildirib. Qeyd olunub ki, hücumçulardan Sacid Akramın istirahət məqsədli ov üçün verilmiş rəsmi silah lisenziyası olub.
Yeni Cənubi Uels Səhiyyə Xidmətinin son açıqlamasına əsasən, hazırda Sidney xəstəxanalarında 27 nəfər tibbi yardım alır. Onlardan azı 6-nın vəziyyətinin kritik, digərlərinin vəziyyətinin isə sabit olduğu bildirilir.
