SERTİFİKATLAŞDIRMA İMTAHANI VERƏCƏK FƏNN MÜƏLLİMLƏRİNƏ SINAQ İMTAHANI TƏŞKİL OLUNUR

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunan fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “Microsoft Teams” platformasında sınaq imtahanı təşkil olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbər verir ki, sınaq imtahanının səhifəsi bu gün saat 10:00-dan aktivləşərək 19:00-dək açıq olacaq.

Vurğulanıb ki, bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı var.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunur. İmtahan vaxtı başa çatdıqda nəticə avtomatik olaraq ekranda əks olunacaq.

Qeyd edilib ki, virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün deyil.