SERBİYA MEDİASI AZƏRBAYCANDAKI PARLAMENT SEÇKİLƏRİNDƏN YAZIB

Serbiyanın kütləvi informasiya vasitələri sentyabrın 1-də keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən bəhs edən materialları yayıb.

“RTS”, “Politika”, “Tanjug”, “Novosti”, “SRNA”, “b92”, “N1info”, “Gradske İnfo” kimi mətbu orqanlarında dərc edilən yazılarda 125 deputat yeri olan qanunverici orqana seçkilərdə 990 namizədin iştirak etdiyi və səsvermənin 6478 seçki məntəqəsində keçirildiyi bildirilir.

Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın paytaxt Bakıda seçki məntəqəsində səs veriblər. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb.

Diqqətə çatdırılır ki, bu parlament seçkilərinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində, o cümlədən 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalmış ərazilərdə keçirildiyi bildirilir.

Materiallarda, həmçinin ölkəmizin noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcəyi də qeyd olunur.