SEPARATÇILARIN HƏBS MÜDDƏTİNİN UZADILMASI AZƏRBAYCAN XALQININ ƏDALƏT TƏLƏBİNİ TƏMİN EDİR

Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma qurumun keçmiş “liderləri” və yüksək rütbəli şəxslərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilk növbədə beynəlxalq hüququn təmin olunması baxımından vacib addımdır.
Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərləri Qarabağdakı qanunsuz rejimin rəhbər şəxsləri kimi Azərbaycan ərazilərinin işğalına və qanunsuz hərbi hərəkətlərə başçılıq ediblər. Bu şəxslərin məsuliyyətə cəlb edilməsi və barələrində həbs qətimkan tədbirlərinin müddətinin uzadılması Azərbaycanın Ermənistanın 30 il davam edən işğalının ağır nəticələrinin aradan qaldırılması və separatçılığa qarşı kəskin mübarizə baxımından zəruridir.
Bu şəxslər keçmişdə separatizm və terrorçuluğu dəstəkləyən fəaliyyətlərdə iştirak ediblər. Həbs qətimkan tədbirlərinin uzadılması onların törətdiyi cinayətlərə görə layiqli cəzalarını alması, Ermənistanın gələcəkdə oxşar təxribatçı hərəkətlərə yol verməməsi, Azərbaycanın isə özünün milli təhlükəsizliyi təmin etməsi baxımından olduqca əhəmiyyətlidir.
Separatçı “liderlərin” törətdiyi əməllər beynəlxalq hüququn, xüsusilə də dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Onların məsuliyyətə cəlb edilməsi və həbs müddətlərinin uzadılması beynəlxalq hüquq çərçivəsində hüquqi təqibin davam etdirilməsi üçün vacibdir. Separatçıların cinayət məsuliyyətinə cəlb edilməsi və həbs müddətlərinin uzadılması digər potensial separatçı və ya terrorçu hərəkatlar üçün də güclü çəkindirici effekt yarada bilər. Bu, gələcəkdə oxşar qondarma qurumların və separatizm cəhdlərinin qarşısını almaq üçün ciddi mesaj rolunu oynayır.
Azərbaycan cəmiyyəti Qarabağ münaqişəsi zamanı ağır itkilərə məruz qalıb. Bu şəxslərin həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması xalqın sosial sifarişidir. Ona görə də həbs qətimkan tədbirlərinin müddətinin uzadılması Azərbaycan cəmiyyətinin ədalət gözləntilərini təmin etmək baxımından da əhəmiyyətlidir. Cinayətkarların məsuliyyətə cəlb edilməsi və ədalətin təmin edilməsi, bölgədə davamlı sülh və sabitlik üçün vacibdir. Bu şəxslərin məsuliyyətdən yayınıb sülh prosesini təhdid etmələrinin qarşısını almaq üçün həbs müddətinin uzadılması sülh prosesinə dəstək verən amillərdən biridir.

MTM Analitik Qrup