SENTYABRIN 9-U TƏHSİLİN HÜCUMDAN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür.

UNESCO-nun saytı xəbər verir ki, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu il keçirilən tədbirlər “Təhsili hücumdan qorumaq üçün indi hərəkətə keç” mövzusuna həsr olunur. Məktəblər, universitetlər və digər təhsil müəssisələri hər zaman sülhün möhkəmlənməsi və inkişafı üçün etibarlı məkan olmalıdır. Onların mülki xarakteri tanınmalı, müdafiə edilməli və onlar heç vaxt hədəfə alınmamalıdır. Silahlı münaqişələr təhsil üçün çox sayda dağıdıcı maneələr yaradır. Bu gün münaqişələrin uzanması gələcək nəsillərə, xüsusən uşaqlara və əhalinin ən həssas qruplarına mənfi təsir göstərəcək. Xüsusən silahlı münaqişə vəziyyətində və təhlükəsizliyin olmadığı şəraitdə təhsil hüququna hər kəs hörmətlə yanaşmalı, onu dəstəkləməli və bu hüquqdan hamı istifadə etməlidir.

Xatırladaq ki, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq təsis edilib. Həmin qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.

Məktəblərə hücum humanizm prinsiplərinin pozulmasıdır. Qətnamədə göstərilir ki, hökumətlər təhsilalanlar, xüsusən həssas durumda olanlar üçün bütün səviyyələrdə inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmininə və bu təhsilin müdafiəsinə görə məsuliyyət daşıyırlar. Sənəddə, həmçinin fövqəladə humanitar vəziyyətlərdə məktəblərin, təhsilalanların və müəllimlərin müdafiəsi üçün, təhsilin əlçatanlığına mane olan hərəkətlərin qarşısının alınması üçün, silahlı münaqişə vəziyyətində təhsilin əlçatan olması üçün bütün mümkün tədbirləri görmək yolu ilə məktəblərdə təhlükəsiz şərait yaradılmasından ötrü fəallıq göstərilməsinin və maliyyələşmə həcminin genişləndirilməsinin zəruriliyi vurğulanır.

Qətnamə UNESCO və UNICEF-i münaqişədən təsirlənmiş ölkələrdə yaşayan milyonlarla uşağın vəziyyəti haqqında məlumatlılığı artırmağa çağırır.

BMT bu günü təsis etməklə məktəblərin təhsilalanların və müəllimlərin müdafiəsini və təhlükəsizliyini təmin edən məkanlar qismində diqqətdə saxlanmasının, habelə təhsilin ictimaiyyətin diqqət mərkəzində qalmasının vacibliyini aydın şəkildə bildirir. Bu vəzifə COVID-19 şəraitində də prioritet olaraq qalır.