SENTYABRIN 8-İ BEYNƏLXALQ SAVADLILIQ GÜNÜDÜR

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

UNESCO-nun saytında dərc olunan xəbərdə bildirilir ki, bu il Beynəlxalq Savadlılıq Günü “İnsana yönəlmiş bərpa naminə savadlılıq: rəqəmsal uçurumu aradan qaldırmaq” devizi altında qeyd olunur.

COVID-19 böhranı, uşaqların, gənclərin və böyüklərin təhsilini görünməmiş miqyasda pozdu. Həmçinin 773 milyon savadsız gənc və yaşlının savad öyrənmək imkanlarının əlçatanlığında əvvəllər mövcud olan bərabərsizliyi daha da artırdı.

Pandemiyaya qarşı ilkin milli planların bir çoxunda gənclər və böyüklər arasında savadsızlığın aradan qaldırılması tədbirləri nəzərdə tutulmadı, eyni zamanda, bir çox savadlılıq proqramları normal fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı.

Hətta qlobal böhran dövründə əyani təhsillə yanaşı distant təhsil də daxil olmaqla təhsilin fasiləsizliyinin təmin olunması istiqamətində alternativ yollar tapmaq üçün səylər göstərildi. Lakin savadlılıq imkanları hamı üçün eyni dərəcədə əlçatan deyil.

Distant təhsilə sürətli keçid qoşulma, infrastruktur və texnologiyadan istifadə bacarığı, həmçinin öyrənmə imkanlarını məhdudlaşdıran elektrik enerjisinə çıxış kimi digər xidmətlərdəki fərqlər baxımından davam edən rəqəmsal uçurumu üzə çıxardı.

Bununla belə pandemiya savadlılıq bacarıqlarının müstəsna əhəmiyyətini xatırlatdı. Savadlılıq təhsil hüququnun ayrılmaz bir hissəsi olmaqla yanaşı, insan hüquqlarını, imkanlarını genişləndirir. Onların qiymətləndirə biləcəkləri həyat tərzini seçməsi baxımından imkanlarını genişləndirərək həyatlarını yaxşılaşdırır. Savadlılıq dayanıqlı inkişafın hərəkətverici qüvvəsidir. Savadlılıq bacarıqları BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndində müəyyən edildiyi kimi, humanist təhsilin və ömürboyu öyrənmənin ayrılmaz hissəsidir. Beləliklə, savadlılıq COVID-19 böhranından sonra insanlara yönəlmiş bərpa istiqamətində mərkəzi rol oynayır.

2021-ci ildə Beynəlxalq Savadlılıq Günü savadsız gənclər və böyüklər üçün lazım olan savad və rəqəmsal bacarıqların qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirməklə savadlılıq bacarıqlarının insana yönələn bərpa üçün möhkəm bir zəmin yaratmağa necə kömək edə biləcəyini araşdıracaq.

Beynəlxalq Savadlılıq Günü çərçivəsində heç kimin kənarda qalmaması üçün texnologiyanın köməyilə savad təliminin inklüzivliyi və əhəmiyyətliliyi məsələlərinə də baxılacaq.

2021-ci ildə Beynəlxalq Savadlılıq Günü pandemiya şəraitində və ondan sonrakı dövrdə savadlılıq bacarıqlarının öyrədilməsi və öyrənilməsinin gələcək üsullarını yenidən düşünmək imkanı yaradacaq.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.