“SEGUNDOPASO” NƏŞRİ: 1990-CI İLİN YANVAR HADİSƏLƏRİ AZƏRBAYCAN ÜÇÜN TARİXİ MƏRHƏLƏ OLDU

İspandilli “Segundopaso” nəşrində Azərbaycan tarixinin qanlı səhifəsi – 20 Yanvar faciəsindən bəhs edən “Öz müqəddəratını təyinetmə, suverenlik və inkişaf” sərlövhəli məqalə dərc olunub.

Məqaləyə “Öz müqəddəratını təyinetmə bir çox ölkələr tərəfindən həyata keçirilən və öz yollarını inkişaf etdirmək istəklərini, ümidlərini, arzularını əks etdirən bir prosesdir, müəyyən bir cəmiyyət üzvlərinin ehtiyac və maraqları əsasında qurulan gələcəyin əsas elementidir” sözləri ilə başlayan müəllif – çilili yazıçı və jurnalist, politoloq Pablo Xofre Leal Azərbaycan haqda fikirlərini bölüşüb. Qeyd edilib ki, Azərbaycan dünyanın ən təzadlı yerlərindən birində – Xəzər dənizi ilə Qafqazın, Qərbi Asiya ilə Avropanın arasında, sivilizasiyaların, mədəniyyətlərin kəsişmə nöqtəsində, arxeoloji sərvətlərin zəngin olduğu, eləcə də neft və qaz kəmərlərinin, regional və qitələrarası inteqrasiya layihələrinin həyata keçirildiyi bölgədə yerləşir.

Vurğulanıb ki, azərbaycanlılar irəliyə getmək və firavan gələcəyə sahib olmaq zərurətini çox yaxşı başa düşürlər. Lakin qanlı tarixlərini də heç vaxt unutmurlar. Çünki bugünkü firavan ölkənin azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi azərbaycanlıların qəlbində əbədi yer tutub.

Müəllif bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin 26 min əsgəri zirehli texnikalarla Azərbaycanın paytaxtı Bakıya daxil olaraq qətliam törədib. Bu hadisə və onun nəticələri Azərbaycan cəmiyyətinin 70 illik sovet hakimiyyətindən sonra müstəqilliyə keçid prosesində ən qanlı səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olunub. Hadisə nəticəsində 150 nəfər öldürülüb, 750 nəfərə yaxın insan yaralanıb və 50 nəfər itkin düşüb.

Diqqətə çatdırılıb ki, o zamanlar Azərbaycan xalqı öz müqəddəratını təyinetmə hüququnu tələb edirdi. Həmin hadisələr zamanı ölənlər arasında təkcə Azərbaycan vətəndaşları deyil, həm də rus, ukraynalı, tatar və digər millətlərdən olan insanlar da var idi.

Müəllif yazıb ki, 1990-cı ilin Yanvar hadisələri Azərbaycan üçün tarixi mərhələ oldu və bu tarix 1991-ci il oktyabrın 18-də müstəqilliyin bərpa edilməsi ilə başa çatan yolun başlanğıcıdır.

Azərbaycan xalqı azadlığa gedən yolda canlarını qurban verən şəhidlərinin xatirəsini hər il müxtəlif mərasimlərlə anır.