SAHİBƏ QAFAROVA TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİNİ TƏBRİK EDİB

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məktubda Sahibə Qafarova öz adından və Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini, xoş arzularını ifadə edib.

Azərbaycan parlamentinin sədri bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqının qazandığı möhtəşəm zəfər, Cümhuriyyətin qurulduğu andan etibarən milli inkişaf yolunda atılmış addımlar, xüsusən son illərdə əldə olunmuş hərtərəfli tərəqqi sayəsində Türkiyə Respublikası haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən birinə çevrilib.

Ortaq tarix, köklər və milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətləri bu gün özünün ən yüksək zirvəsindədir. Bu münasibətlər “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir və güclənir.

Məktubda deyilir ki, dövlətlərarası əlaqələrimizin bütün sahələrində olduğu kimi, parlamentlərarası əməkdaşlıq sahəsində də birliyimiz və həmrəyliyimiz uğurla davam edir. Belə bir əminlik ifadə olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, səmərəli və fəal əməkdaşlığın daha da möhkəmlənməsi, genişlənməsi naminə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.