SAHİBƏ QAFAROVA PARLAMENTLƏRARASI İTTİFAQIN 150-Cİ ASSAMBLEYASININ MÜZAKİRƏLƏRİNDƏ İŞTİRAK EDİB

Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan parlamentinin spikeri aprelin 7-də Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasının müzakirələrində iştirak edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Assambleyanın bu gün keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Dövlət başçısı müzakirə olunan mövzunun aktuallığı, sosial inkişaf məqsədlərinə nail olunmasında qanunvericilik orqanlarının rolu, həmçinin parlamentlər arasında əməkdaşlığın, beynəlxalq parlament təşkilatlarının qlobal çağırışların aradan qaldırılmasına töhfələri haqqında fikirlərini səsləndirib.

Qeyd edilib ki, Milli Məclisin sədri Özbəkistana işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının Koordinasiya Şurasının iclasında çıxış edib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransına sədrlik edib. Azərbaycan parlamentinin spikeri, həmçinin bir sıra ölkələrin qanunvericilik orqanlarının rəhbərləri ilə də görüşlər keçirib.