ŞABRANDA ÜÇ YAŞAYIŞ MƏNTƏQƏSİNİN YOLU ƏSASLI TƏMİR EDİLİR

Şabran rayonunda 4 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən ayrılan Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmirinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, uzunluğu 11,5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir və yolların eni 10 metrə qədər genişləndirilir.

Hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri aparılır. Layihə üzrə yolun “Xan arxı” kanalı üzərində körpünün cari təmiri də nəzərdə tutulub.

Sonda hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.