“Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Təşkilatçıların verdiyi məlumata görə, üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.
Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci “Rebuild Karabakh” sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatası dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.
Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə “yaşıl enerji”, “ağıllı kənd” layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.
İstehsalçılar, distributorlar, konsaltinq şirkətləri və inşaat sektorunda xidmət göstərən şirkətlər də daxil olmaqla Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40%-ni təşkil edir.
Bu il Belarus, İran, Çexiya, BƏƏ, Türkiyədən 5 milli pavilyon, habelə Rusiya Federasiyasından 8 regional qrup, Bryansk, Lipetsk, Novosibirsk, Rostov, Yaroslavl, Stavropol, Tatarıstan, Çuvaşiya regional qrupları iştirak edəcək.
“Rebuild Karabakh” sərgisinin proqramına “Azərbaycanda yaradılmış biznes mühiti və investisiya imkanları”; “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı. Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar”, “Qarabağın enerji potensialı – azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası”; “Rəqəmsal iqtisadiyyat” mövzusunda təqdimatlar. Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər” mövzularda təqdimatlar daxildir.