SABAH RESPUBLİKANIN BƏZİ YERLƏRİNDƏ HAVA YAĞINTILI OLACAQ

Azərbaycanda sentyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 27-31° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində – 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 14-19° isti olacağı bildirilir.