Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrdə sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb. Şəhərin mərkəz ərazilərinin təmizliyindən söz açan Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.
BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərinin hesabatı dinlənilib və hazırlanan videoçarx nümayiş etdirilib.
Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-in rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.
Qaradağ RİHB-nin Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb. Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanılması və nöqsanların aradan qaldırılması üçün bir ay müddətində vaxt verilib.
Müşavirə zamanı sentyabrın 2-də paytaxtda daxili iməciliyin keçirilməsi qərara alınıb.