
Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 23-27° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclü olacaq. Havanın temperaturunun gecə 15-19°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı bildirilir.