SABAH HAVA ŞƏRAİTİ DƏYİŞKƏN BULUDLU OLACAQ

Azərbaycanda sentyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 23-27° isti, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılıb.