
Azərbaycanda iyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.
