SABAH BƏZİ YERLƏRDƏ YAĞIŞ YAĞACAQ, DOLU DÜŞƏCƏK

Azərbaycanda oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 21-dən 22-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 13-15, gündüz 17-20 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 766 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 18-22, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacağı ehtimal edilir.