SABAH BƏZİ YERLƏRDƏ YAĞIŞ, DAĞLIQ ƏRAZİLƏRDƏ İSƏ QAR YAĞACAQ

Azərbaycanda aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millimetr civə sütuna yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Axşama doğru yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı bildirilir.