SABAH BƏZİ YERLƏRDƏ HAVA YAĞINTILI OLACAQ

Azərbaycanda avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacağı ehtimal edilir.