SABAH BƏZİ YERLƏRDƏ 40 DƏRƏCƏ İSTİ OLACAQ – PROQNOZ

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

İyulun 16-da Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.