SABAH BƏZİ RAYONLARDA HAVA YAĞINTILI OLACAQ

Azərbaycanda fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir.