
Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Cəzirə” qəzetində may ayının 1-3-də Bakıda keçirilmiş “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə olunan məsələlər və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər geniş şəkildə işıqlandırılıb.
“Əl-Cəzirə” qəzetində dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri diqqət mərkəzində olub.
Qəzet qeyd edib ki, mətbuatda yer alan xəbərlərdə bu mötəbər tədbirə 100-dən çox ölkədən 700-dək qonağın qatıldığı bildirilib. Həmçinin Bakıda keçirilən üçgünlük Forum çərçivəsində təşkil olunan 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzular müzakirə olunub.
Məqalədə oxucuların diqqətinə dövlətimizin başçısının çıxışındakı Azərbaycanın əsrlərboyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik cəmiyyətimizin tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlaması barədə fikirləri də çatdırılıb.