SƏUDİYYƏ MEDİASI RUSİYA PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİNİ GENİŞ İŞIQLANDIRIB

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına dövlət səfəri Səudiyyə Ərəbistanı Krallığının mediasında geniş işıqlandırılıb.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildirilib ki, Krallığın Londonda nəşr edilən nüfuzlu “Əş-Şərq əl-Avsət” qəzetində dərc olunan məqalədə Putinin səfərinin proqramına Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafı məsələlərinin daxil edildiyi diqqətə çatdırılıb. Yazıda əlavə edilib ki, həmçinin bu danışıqlarda beynəlxalq problemlər və regional məsələlər də müzakirə olunub.

Səudiyyə nəşri vurğulayıb ki, danışıqlarda Azərbaycan-Ermənistan nizamlanması da müzakirə obyekti olub. Eyni zamanda, məqalədə Azərbaycanın Moskva ilə əlaqələrinə paralel olaraq, Avropa İttifaqı üçün mühüm enerji təchizatçısı olduğu da qeyd edilib.

Nüfuzlu “Arabnews.com” xəbər saytında dərc edilən məqalədə isə bildirilir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə ikitərəfli münasibətlər, beynəlxalq və regional problemlər ətrafında danışıqlar aparıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Moskvanın və Türkiyənin yaxın tərəfdaşı, həm də Qərb ölkələrinin əsas enerji təchizatçısıdır.

“Arabnews” qəzeti yazır ki, İlham Əliyev və Vladimir Putinin iştirakı ilə birgə sənədlər imzalanıb və dövlət başçıları mətbuata bəyanatlar veriblər. Rusiya lideri, həmçinin 1993-2003-cü illərdə Prezident olmuş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarının önünə əklil qoyub.

Qəzet qeyd edir ki, Ermənistan Qərb dövlətləri, xüsusən də ABŞ ilə əlaqələrini dərinləşdirməyə çalışır və bu, Moskvanı qıcıqlandırır.

Krallığın “Əl Mədinə” və “Əl-Riyad” qəzetlərində də Rusiya liderinin Azərbaycana dövlət səfəri haqqında məqalələr dərc olunub.