ŞƏT-İN RƏSMİSİ: PREZİDENT SEÇKİLƏRİ SEÇİCİ FƏALLIĞI İLƏ DİQQƏT ÇƏKDİ

Azərbaycanda keçirilən prezident seçkiləri seçici fəallığı ilə diqqət çəkdi.

Bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Can Min Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı mətbuat konfransında deyib.

Baş katib seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının və digər əlaqədar qurumların nümayəndələri ilə görüşdüklərini, missiyanın monitorinq keçirməsi üçün lazımi şəraitin yaradıldığını bildirib.

“Gəldiyimiz yekun rəy bundan ibarətdir ki, qanunvericiliyin tələblərinə uyğun olan seçki prosesində iştirak edənlər üçün bütün imkanlar yaradılmışdı. Missiyamız Bakıda və Sumqayıtda 60-dək seçki məntəqəsində səsvermə prosesini müşahidə edib. Təşkilatçılığın səviyyəsi ölkə ərazisində kompleks işlərin görüldüyünü deməyə əsas verir”, – deyə C.Min vurğulayıb.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.