“ŞƏRQ-QƏRB NƏQLİYYAT DƏHLİZİNDƏ LOGİSTİKA, İDARƏETMƏ VƏ İSTİSMAR PROBLEMLƏRİ” – BEYNƏLXALQ KONFRANS

Mayın 24-26-da Bakıda “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” mövzusunda 2-ci beynəlxalq konfrans (PLMO 2023) hibrid formada keçiriləcək.

Konfransın təşkilatçıları Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetidir.

İdarəetmə Sistemləri İnstitutundan bildirilib ki, tədbirdə Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.

Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş “İpək yolu” proqramının ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. “Bir kəmər – bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq – Qərb dəhlizi üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. Həmçinin ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizlərini təkmilləşdirmək və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq-Qərb nəqliyyat dəhlizi, eyni zamanda, Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.

Konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq-Qərb nəqliyyat dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir.