SƏLCUQ BAYRAKTAR: “QARABAĞDA HƏRBİ ƏMƏLİYYATLARDAN SONRA “BAYRAKTAR”A TƏLƏBAT ARTIB”

Suriyada və Qarabağda hərbi əməliyyatlardan sonra pilotsuz uçuş aparatlarımıza (PUA) tələb daha da artıb.

Bunu Türkiyənin Aksaray şəhərində “Teknofest” sərgisində iştirak edən “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, xüsusilə də “Bayraktar TB2” PUA-larına bütün dünyada böyük maraq var, hətta bəzən tələbatı qarşılamaqda çətinlik çəkirlər:

“Əslində “Bayraktar TB2” pilotsuz uçuş aparatları İdlibdə, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyatlarında və son olaraq Qarabağda istifadə olunduqdan sonra geniş maraq oyatdı. Hətta deyə bilərəm ki, bəzən tələbatı qarşılamaqda çətinlik çəkirik. “Baykar” gəlirlərinin 70 faizini ixracatdan əldə edir. Bu günədək 10-dan çox ixrac müqaviləsi imzalamışıq”.

S.Bayraktar əlavə edib ki, şirkət hazırda “Akıncı” PUA-larının istehsalı üzərində çalışır, eyni zamanda “Bayraktar TB3” və pilotsuz hərbi təyyarə layihələri ilə bağlı işlər aparılır.