ŞƏKİ DÖVLƏT RƏSM QALEREYASINDA “TARİXİ ABİDƏLƏR RƏSSAMLARIN GÖZÜ İLƏ” ADLI SƏRGİ AÇILIB

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəki Dövlət Rəsm Qalereyasında “Tarixi abidələr rəssamların gözü ilə” adlı sərgi açılıb. Sərgidə yerli rəssamlardan Aynur Məsimovanın, Zaur Əhmədovun, Asim Abbasovun, Elxan Kərimovun qrafika əsərləri, kətan üzərində yağlı boya, daş və taxta üzərində rəsmləri, təkəlduz ustası Günel Paşayevanın əl işləri nümayiş olunur.

Rəsm Qalereyasından bildirilib ki, sərginin açılışında çıxış edən Rəssamlar İttifaqı Şəki təşkilatının sədri Tahir Həmidli və Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müdiri Səbuhi Məmmədov sərgi haqqında təəssüratlarını bölüşüb və gənc rəssamlara tövsiyələrini veriblər.

İki gün davam edəcək sərginin təşkilində məqsəd Şəkinin tarixi məkanlarını və abidələrini təbliğ etməkdir.