SƏHNƏMİZİN “QAYNANASI”NIN 105 YAŞI TAMAM OLUR

Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 105-cü ildönümü tamam olur.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale (“Keto və Kote”), Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət gülü”), Qesiya (“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.
Bədii filmlərdə yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.
Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.
Məlumat üçün bildirək ki, Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.