SƏFİR: MƏDƏNİ-HUMANİTAR ƏLAQƏLƏR AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ARASINDA MÜNASİBƏTLƏRİN TƏKANVERİCİ QÜVVƏSİDİR

Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələr əməkdaşlığımızın təkanverici qüvvəsidir.

Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Azərbaycanda keçirilən Özbəkistan elm və mədəniyyət günlərinə həsr olunmuş tədbirdə deyib.

“Bu gün məni sevinc hissi bürüyür ki, Özbəkistan prezidentinin sərəncamı ilə bu ilin yanvar ayında Azərbaycanda Özbəkistan elm və mədəniyyət günləri keçirilir. Mübaliğəsiz demək istəyirəm ki, bu qərar dövlət başçımızın və bütünlükdə özbək xalqının qardaş Azərbaycan xalqına bəslədiyi hörmət və sevginin əlamətidir”, – deyə o bildirib.

Səfir qeyd edib ki, ötən ilin noyabr ayında Bakıda keçirilən görüşdə hər iki ölkənin lideri 2024-cü ili “Özbəkistan-Azərbaycan münasibətlərinin intensiv inkişaf ili” adlandırıb və Bakıda keçirilən Özbəkistan elm və mədəniyyət günlərinin bütün il ərzində keçiriləcək tədbirlər seriyasını başladıb.

“Qardaşlıq əlaqələrimizin intensiv inkişaf ilinin məhz münasibətlərimizin təkanverici qüvvəsi olan mədəniyyət və humanitar əlaqələrindən başlamalı olduğu nöqteyi-nəzərindən bu olduqca məntiqlidir”, – deyə səfir vurğulayıb.

Səfir həmçinin, Özbəkistanın UNESCO-nun 43-cü sessiyasının keçirilməsi üçün Səmərqənd şəhərini seçmək təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, bu tədbir 1985-ci ildən etibarən heç vaxt Parisdən kənarda keçirilməyib.

“Azərbaycana və bütün digər UNESCO ölkələrinə Özbəkistanı təşəbbüslərində dəstəklədiyinə görə minnətdarıq”, – deyə səfir əlavə edib.