SƏFİR: KÜVEYT VƏ AZƏRBAYCAN ARASINDA BEYNƏLXALQ ARENADA BİR ÇOX MƏSƏLƏLƏRDƏ SIX ƏMƏKDAŞLIQ MÖVCUDDUR

Küveyt Dövləti və Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Biz, həmçinin bu il iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.

Bu sözləri Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidi ölkəsinin 63-cü Milli Günü və 33-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

Siyasi əlaqələrdən bəhs edən səfir bildirib ki, Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur.

“Küveyt və Azərbaycan arasında parlamentlərarası əlaqələrdən danışarkən vurğulamaq istərdim ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif parlament təsisatlarında onlar arasında davamlı əlaqə mövcuddur. Bu günə qədər tərəflər arasında müxtəlif qarşılıqlı səfərlər həyata keçirilib. Həmçinin bu il ərzində Azərbaycan Milli Məclisi sədrinin də Küveytə səfəri planlaşdırılır. Bütün bunlar iki ölkə arasında dərin əlaqələrin mövcudluğunu bir daha sübut edir”, – deyə o vurğulayıb.