SƏBAİL RAYONUNDA YOLLARIN YENİDƏN QURULMASINA 2,6 MİLYON MANAT AYRILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.