Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş görüş keçirilib.
Tədbiri açan Mərkəzin direktoru Raida Dərziyeva bütün dünya azərbaycanlıları üçün əlamətdar olan bu günün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib.
Qədim tarixə və zəngin məzmuna malik Azərbaycan dilinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi üçün Azərbaycan dövlətinin gördüyü işlərdən danışan R.Dərziyeva deyib: “Gürcüstanda yaşayan azərbaycanlılar bütün sahələrdə olduğu kimi, ana dilində təhsillə bağlı daim milli dövlətimizin qayğısını hiss edirlər. Ana dilində təhsil almaq hüququmuz Gürcüstan Konstitusiyası və Təhsil Qanununda təsbit olunub, ölkəmizdə dilimiz və mədəniyyətimiz üçün münbit, tolerant mühit mövcuddur”.
Daha sonra şagirdlər dahi Azərbaycan şairləri Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Rafiq Hümmətin ana dili haqqında şeirlərini səsləndiriblər.
Tədbirdə çıxış edən Rustavi şəhər 18 nömrəli ictimai məktəbin müəllimləri Savalan Osmanov, Dilbər Babayeva, tərcüməçi Aida Məmmədova, Qardabani bələdiyyəsi Qaratəhlə ictimai məktəbinin müəllimi Nuranə Babayeva fikirlərini bölüşüb, latın əlifbasına keçilməsinin əhəmiyyətini, ana dilimizin təkcə ünsiyyət vasitəsi deyil, milli varlığımızın önəmli faktoru olduğunu bildiriblər.
Tədbir tapmaca və yanıltmaclardan təşkil olunmuş əyləncəli yarış ilə davam edib.
Yarışın qaliblərinə R.Dərziyevanın tərtib etdiyi “Azərbaycan-gürcü və gürcü-Azərbaycan riyaziyyat terminləri” lüğət kitabları hədiyyə olunub.