RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROV AZƏRBAYCAN VƏ ERMƏNİSTANDAN OLAN HƏMKARLARI İLƏ GÖRÜŞƏCƏK

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə məlumat verib.
O deyib ki, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının aprelin 2-də keçiriləcək iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşəcək.
M.Zaxarova qeyd edib ki, iclasda Birlik ölkələrinin qarşılıqlı fəaliyyətini əhatə edən mühüm məsələlərin müzakirəsi gözlənilir.
Bundan əlavə, Böyük Vətən müharibəsinin başlanmasının 80-ci ildönümü ilə əlaqədar MDB dövlət başçılarının quruma üzv ölkələrin xalqlarına və dünya ictimaiyyətinə müraciəti hazırlanır. İclas iştirakçıları həmin müraciətin mətnini də nəzərdən keçirəcəklər.
Xarici İşlər Nazirləri Şurasının yekunlarına dair qəbul edilən bir sıra sənəd layihələri MDB Hökumət Başçıları Şurasının Minskdə keçirilməsi nəzərdə tutulmuş iclaslarına təqdim ediləcək.