Rusiyanın nümayəndə heyəti Belarusun Qomel vilayətində danışıqlara başlamaq üçün Ukrayna tərəfini gözləyir.
Rusiya KİV-ləri xəbər verir ki, danışıqlar yaxın saatlarda başlanacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətdən sonra danışıqlar üçün Belarusa nümayəndə heyəti göndərməyə razılıq verib. Ardınca Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Qomel vilayətində danışıqlara dair razılığın əldə olunduğunu bildirib. Kiyev və Moskva arasında danışıqlar Ukrayna-Belarus sərhədindəki Aleksandrovka-Vilça keçid məntəqəsində baş tutmalıdır.
Xatırladaq ki, fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda Ukraynanın şimalında, şərqində və cənubunda, həmçinin paytaxt Kiyev ətrafında ağır döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri endirir.