RUSİYA YAXIN VAXTLARDA RF, AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜNÜ TƏŞKİL ETMƏYƏ HAZIRDIR

Rusiya yaxın vaxtlarda Moskvada RF, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.

Bu fikirləri brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək hər cür təması dəstəkləyir.

“Biz öz tərəfimizdən çıxış edərək bildiririk ki, ikitərəfli münasibətlərin normallaşdırılmasının yol xəritəsi 2020-2022-ci illər dövründə əldə olunan üçtərəfli razılaşmalar kompleksidir. Buraya iki ölkə arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və digər məsələlər daxildir”, – deyə RF XİN-in rəsmi nümayəndəsi əlavə edib.

“Bu gün bir daha təsdiqləmək istərdim ki, biz yaxın vaxtlarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq”, – deyə diplomat vurğulayıb.