Rusiya Xarici İşlər Nazirliyi (XİN) bir neçə gün əvvəl rəsmi sosial şəbəkə hesabında yerləşdirdiyi 1828-ci il tarixli “Türkmənçay” müqaviləsinin təhrif olunmuş mətnində düzəliş edib.
Bu barədə nazirliyin “Facebook” səhifəsində məlumat verilir.
Qeyd edək ki, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yaymışdı.
Bəyanatda deyilir: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur. Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”.