RUSİYA XİN: RUSİYA CƏNUBİ QAFQAZDA BÜTÜN KOMMUNİKASİYALARIN AÇILMASI ÜZRƏ VƏZİFƏLƏRİ ARDICIL HƏYATA KEÇİRMƏK NİYYƏTİNDƏDİR

Rusiya öz tərəfdaşları ilə birlikdə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir.

Bu barədə Rusiya XİN-in Qarabağla bağlı üçtərəfli razılaşmanın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd edilir: “Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi qrupun fəaliyyətini yüksək qiymətləndiririk. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq. Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik”.

Bildirilir ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür töhfə verəcək təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcək:

“Biz həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq. Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”.