RUSİYA XİN QARABAĞDA VƏZİYYƏTLƏ BAĞLI NARAHATLIĞINI İFADƏ EDİB

Rusiya Qarabağda vəziyyətin kəskin eskalasiyası ilə bağlı dərindən narahatdır.

Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

M.Zaxarova deyib: Rusiya tərəfi təkidlə münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa və siyasi-diplomatik nizamlanma yoluna qayıtmağa çağırır”.

RF XİN-in nümayəndəsi razılaşdırılmış, o cümlədən “kağız üzərində təsbit olunmuş yol xəritəsinin” həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Qarabağ probleminin sülh yolu ilə həlli üzrə bütün addımlar 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri üçtərəfli bəyanatlar kompleksində öz əksini tapıb.

Diplomat vurğulayıb: “Xüsusi olaraq qeyd etmək istərdik ki, son vaxtlar Rusiya və beynəlxalq vasitəçilərin səyləri ilə problemin sülh yolu ilə həlli üzrə tərəqqidə ciddi irəliləyiş formalaşmağa başlayıb”. O əlavə edib ki, Rusiyanın sülhməramlı kontingenti yaranmış vəziyyətdə öz vəzifələrini yerinə yetirməyə davam edir.

M.Zaxarova onu da qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinin işlənib hazırlanması üçün sanballı hüquqi əsas mövcuddur. O bildirib: “Düşünürəm ki, hazırlanacaq və imzalanacaq sülh sazişinin dəqiq vaxtı və konkret parametrləri haqqında danışmaq nəticə etibarilə düzgün olmazdı. Nəticə ondan ibarət olacaq ki, sənədlərlə təsbit olunmuş bütün məsələlər reallaşsın. Biz artıq təkrar etmişik və yenə də təkrarlayırıq: sənəd əsas məqsədə, məhz regionda dayanıqlı sülhün əsasının qoyulmasına xidmət etməlidir və bunun üçün Azərbaycan və Ermənistan arasında maraqlar balansı təmin olunmalıdır.